Müalicəvi turlar
Azərbaycan Respublikası dünyada mövcud olan nümunəvi müalicəvi ərazilərdən biridir. Müalicəvi ərazilərdə bir çox faydalı kimyəvi tərkibə malik təbii isti su çıxır ki, bunlar da dəri, mədə-bağırsaq, dayaq hərəkət aparatının və s. müalicəsində istifadə olunur. Masallı, Şabran, Quba, Qəbələ rayonlarının və Naxçıvan MR ərazisində bu cür müalicə əhəmiyyətli mineral qaynaqlar mövcuddur.
Müalicəvi turlar
Ancaq Azərbaycan ərazisində unikal neft-palçıqdan ibarət müalicəvi Naftalan nefti öz şöhrəti ilə nəinki ölkəmizdə, hətta ölkəmizdən çox-çox uzaqlarda da məşhurdur. Naftalan nefti ilə müalicəyə 1935-ci ildən başlanılıb. Burada müalicə olunan xəstələr ilk olaraq ciddi həkim müayinəsindən keçir, xəstəliyinə müvafiq olaraq Naftalan müalicəsi və müasir fizioterapiya üsulu ilə müalicə tətbiq olunur. Naftalan nefti mürəkkəb fiziki-kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur. Lakin digər neftlərdən fərqli olaraq, Naftalan neftinin tərkibində benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.
Yerdən çıxan Naftalan neftinin 90%-i su və 10% naftalan neftindən ibarətdir. Ancaq müalicə zamanı su 10%, naftalan isə 90% təşkil etməlidir.
Naftalan nefti ilə müalicə olunmaq üçün Naftalan rayonunda istirahət və qidalanma üçün hər bir şərait yaradılmışdır.