Antalya turu
AzeriTravel and MH Group şirkəti davamlı şəkildə Türkiyənin bütün turizm bölgələrinə, o cümlədən Antalyaya səfərlər təşkil edir. Bizimlə əlaqə saxlayıb, suallarınıza qısa müddətdə və dolğun cavab əldə etməklə, məzuniyyətinizi planlaşdıra və istirahətinizi Antalyanın əsrarəngiz istirahət guşələrində, yüksək keyfiyyətli xidmətləri ilə tanınan müasir otellərində təşkil etmək imkanlarımızdan faydalana bilərsiniz.
Antalya Türkiyə Respublikasının Aralıq dənizi sahilində yerləşən ən məşhur istirahət və liman şəhəridir. Yerli əhalisi 1 milyondan artıq olsa da, bura səfər edən turistlər daim yerli əhalinin sayından dəfələrlə artıq olur.
Şəhərin ərazisi qədim və yeni olmaqla iki hissəyə bölünür. Qədim tarixə malik Antalyada insanlar daş və tunc dövründən məskunlaşmağa başlamışdır. Bu ərazilərdə sonralar Hett çarlığı hökmranlıq etmişdir.
Roma imperiyasının ərazisinə qatılan Antalya XIII əsrdən etibarən türk Səlcuq dövlətinin ərazisinə qatılır. Osmanlı imperiyası zamanında Antalya dəniz ticarət limanı kimi mühüm rola malik olmuşdur.
Birinci dünya müharibəsindən sonra şəhər müvəqqəti olaraq italyanların nəzarətinə keçir. Lakin sonradan Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlamış milli-azadlıq hərəkatının əsas hazırlıq mərkəzlərindən birinə çevrilmiş və Türkiyə Respublikasının ərazisinə qatılmışdır.
XX əsrdə şəhər intensiv şəkildə inkişaf edərək, həm kənd təsərrüfatı, həm dəniz ticarəti və yükdaşıma üzrə Türkiyənin ən qabaqcıl şəhərlərindən birinə çevrilmişdir. Ancaq Türkiyənin turizm potensialının artması baxımından Antalyanın rolu əvəzsizdir. XX əsrin sonlarından başlayaraq, Antayla nəinki Türkiyənin, hətta dünyanın ən böyük turizm bölgələrindən birinə çevrilmişdir.
Antalyada turizm əsasən dəniz, idman, səhiyyə, qış, mağara, düşərgə tipli turizm sahələrinə və bu istiqamətdə qurulmuş turizm obyektlərinə malikdir.
2017-ci ilin turizm statistikasına görə Antayla dünyada turistlərin sayına görə (10486191 nəfər) 29-cu yeri tutmuşdur. Şəhərdə 405 ədəd 5 ulduzlu otel mövcuddur ki, bu da eyni zamanda 352 min turisti qəbul etmək gücünə malikdir (yalnız 5 ulduzlu otellər üzrə).
Yay turizmi ilə məşhur olan Antalya qış turizminə görə də ölkənin öndə gedən şəhərlərindəndir. Antalyada yerləşən Saklıkent Kayak Mərkəzi Antalyanın qış turizmində ön sırada duran turizm obyektlərindən hesab olunur.
Antalyanın əsas turizm mərkəzlərindən biri də Alanya hesab olunur. Kiçik bir mövqedə həm dənizə, həm də yüksək dağlara mənzərəsi olan Alanya Antalyada yay turizminin əsas mərkəzlərindən hesab olunur. Alanya, həmçinin Qüds şəhərindən sonra üç səmavi dinin (Yəhudilik, Xristianlıq və İslam) qovuşduğu 2-ci şəhər statusunu daşıyır və bu üç dinin ibadət ocaqları Alanyada yanaşı mövcuddur.
Beləliklə, istirahətinizi planlaşdırarkən, Antalyaya ailəliklə səfər etməyi düşünürsünüzsə, bizə müraciət etməklə həm məsləhətlərimizdən faydalana, ailələr üçün münasib otellərlə tanış ola bilərsiniz, həm də münasib qiymətlərlə tətilinizi xoş və rahat keçirmək imkanını əldə etmiş olarsınız.
Eyni zamanda, ailəvi deyil, dostlarla birlikdə, yaxud təkbaşına istirahət etməyi üstün tutanlara da müvafiq turpaketlərimizi təklif edə bilərik.