Azərbaycanın əyləncə mərkəzləri və restoranları

Ölkəmizə səfərə gələn turistlərə günlərinin maraqlı keçməsi üçün bir sıra əyləncə mərkəzləri, eləcə də restoranların siyahısını təqdim edirik.

Binə atçılıq mərkəzi. Azərbaycan atlarının adı nəinki qonşu ölkələrdə, hətta uzaq qərb dövlətlərində də məşhurdur. Siz də at sürüb, istirahət etmək istəyirsinizsə, mütləq bu əraziyə baş çəkməlisiniz.

 


Dalğa Beach. Yay mövsümündə istirahət üçün ən gözəl yer dəniz çimərlikləridir. Turistlərin kifayət qədər çox səfər etdikləri Dalğa Beach həm təmizliyinə, həm də attraksionların çoxluğuna görə fərqlənir.


Dəniz gəzintisi. Xəzər dənizini gəmi ilə gəzməyin xüsusi bir ləzzəti var. Günortadan sonra Bakı bulvarına gəlib, bu gözəl gəzintinin iştirakçısına çevrilə bilərsiniz.

 


Gecə klubları. Ritmik musiqi sədalarını altında rəqs etmək, müxtəlif içkilərdən qəbul edib, əylənmək istəyirsinizsə, səhər saatlarınadək davam edən gecə klublarına baş çəkin.

 


Paint Ball. Azərbaycana qrup şəklində səfər etmisinizsə, iki komandaya bölünüb döyüş həyəcanını Paint Ball mərkəzində keçirə bilərsiniz.

 

 


Qəbələ kanatı. Tufandağın 3 böyük dağ silsiləsi üzərindən keçən kanat yolu dəniz səviyyəsindən 1700 m hündürlükdən aşağıya doğru, sıx meşəliklərə açılan mənzərə ilə ovqatınızı yaxşılaşdıracaq.

 


Qəbələ atıcılıq mərkəzi. Həqiqi tüfənglə hədəfə atəş açmaq bacarığınızı yoxlamaq istəyirsinizsə, Qəbələ atıcılıq mərkəzinə baş çəkin.

 

 


Qusar kanatı. Şahdağ silsiləsini göydən seyr etmək və həyəcanlanmaq istəyirsinizsə, mütləq Qusar rayonunda yerləşən kanat yoluna baş çəkin.

 

 


Teleqüllə. Azərbaycan Televiziyasının yayımını həyata keçirdiyi və hündürlüyü 200 metrə çatan qüllənin 27-ci mərtəbəsində, təqribən 160 metr hündürlükdə yerləşən Qüllə restoranında şam yeməyi edib, Bakı şəhərinin bütün gözəlliklərini seyr edə bilərsiniz.


Çanaqqala restoranı. Həm milli, həm də şərq musiqi sədaları altında şam yeməyi yeyib, rəqs etmək istəyirsinizsə, bura əsl sizin və ailənizin məkandır. Bakıya təşrif buyurub, bu restorana baş çəkmədən geri dönməklə itirdikləriniz çox ola bilər.


Bibiheybət balıq restoranları. Xəzər dənizinin sahilində dənizdən tutulmuş müxtəlif növ balıqlardan dadıb, dalğaların ləpələrinə tamaşa etmək istəyiniz varsa, o zaman Bibiheybət qəsəbəsində yerləşən balıq restoranlarına baş çəkə bilərsiniz.