Təbiət
Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun yerləşdiyi Azərbaycan Respublikasının ərazisi gözəl təbiət mənzərələri ilə zəngindir. Sıx meşələr, təbii bulaqlar, şəlalələr, çay və göllər, eləcə də Xəzər dənizinin sahili turistlərin daha çox səfər etdikləri ərazilərdir. Onların bəziləri ilə tanış olaq:
Bakı şəhəri. Xəzər dənizinin sahilində yerləşən və Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri gözəl, tarixi və müasir memarlıq abidələri ilə yanaşı, mülayim iqlimi ilə də turistləri heyran edir. Yay fəslində çimərlik mövsümünə açıq elan olunan Bakı şəhəri, payızın gəlməsi ilə yağış suları, qışda qar və yazda isə güllü-çiçəkli təbiəti ilə insanları valeh edir.
Qəbələ-İsmayıllı istiqaməti. Bir-birinə qonşu olan bu iki rayon sıx meşələri, bulaqları, çay və gölləri ilə zəngindir. İsmayıllı rayonunun Lahıc kəndinə gedən yolda çay üzərində inşa edilmiş asma körpü turistlərin maraqla üzərinə çıxıb şəkil çəkdirdiyi yerlərdəndir. Qəbələ rayonunda təbii şəlalə, Nohur gölünü ziyarət edən turistlər, 1700 m yüksəkliyədək qalxan kanat yolu ilə Tufandağ üzərində hərəkət edərək, təbiətdən zövq ala bilərlər. Kanat yolunun gedib-qayıtma müddəti 2 saata yaxındır. Qış mövsümündə bu ərazilərdə qış turizmi, xizəklə sürüşmə kimi əyləncə mərkəzləri fəaliyyət göstərir.
Quba-Qusar istiqaməti. Bakıdan 180 km məsafədə yerləşən Quba rayonu öz təbiəti, sıx meşələri və havası ilə bura səfərə gələnləri valeh edir. Quba rayonunun Qəçrəş ərazisi çay sahilində yerləşib, digər qismi sıx meşələrlə örtülüdür. Bundan başqa, Quba rayonunda yay vaxtı müalicəvi təbii sular, eləcə də çaylar üzərində təbii şəlalələr, göllər, Qusar rayonu ərazisində Şahdağ üzərində kanat və qış turizm kompleksi, xizəksürmə kimi əyləncə mərkəzləri fəaliyyət göstərir.
Gəncə-Göy-göl-Naftalan istiqaməti. Azərbaycanın qədim şəhərlərindən biri olan, əhalisinin sayına görə hazırda Bakıdan sonra 2-ci böyük şəhər olan Gəncə şəhəri həm tarixi abidələri ilə, həm də gözəl təbiəti ilə öyünə bilər. Gəncə şəhərinin yaxınlığında yerləşən və 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində qayaların aşıb Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranan Göy-göl mənzərəsinə görə Azərbaycanda ən gözəl göldür. Havası gözəl olan bu əraziyə baş çəkməklə, Allahın nələrə qadir olduğuna bir daha şahid ola bilərsiniz. Bu istiqamətdə yerləşən maraqlı və vacib yerlərdən biri də Naftalan müalicə kompleksidir. Təqribən 30-dan çox xəstəliyə dərman olan Naftalan nefti palçıq formasında olub, müxtəlif bel-sümük ağrılarından əziyyət çəkən şəxslərə əsl fürsətdir.