Müasir tarix

Azərbaycanın müasir tarixi XVIII əsrin sonundan başlayaraq bu günümüzədək olan dövrü əhatə edir. Bu dövrdə Azərbaycanlıların yaşadığı şimal və cənub torpaqlarında müstəqil xanlıqlar yaranmışdı. Sonradan Azərbaycanın cənub xanlıqları türk-azəri Qacarlar sülaləsinin yaratdığı dövlətin hakimiyyəti altında birləşir. Çar Rusiyasının güclənməsi ilə Qacarlar və Rusiya arasında qanlı müharibələr başlayır. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın şimal torpaqları, yəni indiki Azərbaycan Respublikasının ərazisinin Çar Rusiyası tərəfindən işğalı rəsmiləşdirilir. Cənubi Azərbaycan torpaqları isə Qacarlar dövlətinin əlində qalır və sonradan müasir İranın ərazisinə daxil olur.

1917-ci ildə Çar Rusiyasında baş verən fevral burjua inqilabı və oktyabr bolşevik inqilabının nəticəsində müasir Azərbaycan Respublikasının müstəqil dövlət elan olunması üçün tarixi imkan meydana çıxırz və 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranır. Bu respublika İslam Şərqində ilk müstəqil respublika idi. Azərbaycan Demokratik Respublikasının dövlət dili Azərbaycan-türk dili, paytaxtı isə əvvəlcə Gəncə, daha sonra isə Bakı şəhəri olmuşdur.

Yeni yaranmış Sovet Rusiyası 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ərazisi işğal edib, burada Sovet Hakimiyyətini qurdular. İkinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqı faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuş, döyüşlərdə 600 min nəfərdən çox adam iştirak etmiş, onun 300 mini həlak olmuşdur. Müharibə illərində Sovet İttifaqının istifadə etdiyi neftin 75%-ni Bakı təmin edirdi. Ümumiyyətlə, Sovet İttifaqı zamanında Azərbaycanda elm, təhsil, mədəniyyət inkişafdan qalmamış, əksinə dünya mədəniyyətinə böyük dahilər bəxş etmişdir. Müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev də ilk dəfə Azərbaycana 1969-cu ildən rəhbərlik etməyə başlamış, sonradan Sovet İttifaqının rəhbər şəxslərindən biri olmuş, ən mühüm siyasi qərarların qəbulunda birbaşa iştirak etmiş, Siyasi Büronun üzvü olmuşdur.

XX əsrin 80-ci illərinin sonunda ümumilikdə bütün İttifaq Respublikalarında, xüsusilə də Azərbaycanda başlamış milli-azadlıq hərəkatı Sovet İttifaqının süqutunu sürətləndirməyə başladı. 20 yanvar 1990-cı ildə Bakıda müstəqilliyə can atan xalqımıza qarşı qanlı qırğın törədildi. Bütün bunlara baxmayaraq, 18 oktyabr 1991-ci ildə Sovet İttifaqının süqutundan 2 ay əvvəl Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.

Azərbaycanın əzəli torpaqları olan Qarabağ ətrafında erməni işğalçıları və onların havadarları ilə aparılan qanlı vuruşmalar müstəqil Azərbaycanın inkişafına mane olurdu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi və xalq tərəfindən Prezident seçilməsindən sonra, 1994-cü ildə atəşkəs elan olunmuş, Bakı neftinin beynəlxalq bazara çıxışı üçün “Əsrin müqaviləsi” imzalanmış və respublikamız sürətli siyasi, iqtisadi, mədəni və hərbi inkişafa başlamışdır. 2003-cü ildə Prezident seçilmiş cənab İlham Əliyev də bu müdrik siyasəti uğurla davam etdirmiş və hazırda gördüyümüz güclü, təhlükəsiz, inkişaf etmiş müasir Azərbaycan Respublikasının formalaşmasına nail olmuşdur.