Azərbaycan dili
Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Bu dil Azərbaycan Respublikasında yaşayan 9 milyon azərbaycanlının ana dilidir.
Bundan başqa, Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyondan artıq azərbaycanlının, eləcə də Rusiya, ABŞ, Türkiyə, İraq, Gürcüstan və digər ölkələrdə məskunlaşmış 5 milyonadək azərbaycanlının ana dilidir. Beləliklə, Azərbaycan dili dünyada 35 milyonadək insanın ana dilidir.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir (oğuz qrupuna Azərbaycan dilindən başqa Türk dili, türkmən dili, qaqauz dili, əfşar, salar dilləri daxildir). Ümumi şəkildə tarixi Azərbaycan ərazilərində bu dilin yayılması eramızdan əvvələ təsadüf edir. Eramızın əvvəllərində digər türk tayfalarının, xüsusilə də xəzərlərin Azərbaycana gəlmələri, daha sonra XI əsrdə Səlcuqilərin yürüşü Azərbaycan dilinin müasir vəziyyətinə təsir etmiş, ərəb və fars dilinin regionda yayılmasına baxmayaraq, öz varlığını qoruyub saxlamasına səbəb olmuşdur.
Ümumilikdə türk dilini bilən şəxs Azərbaycanda rahat ünsiyyət qura bilər. Eləcə də hər hansı bir azərbaycanlı çox rahat şəkildə Türkiyə Respublikası ərazisində sərbəst şəkildə ünsiyyət qura, işgüzar münasibətlərə daxil ola bilər.
Azərbaycan dilində 9 sait və 23 samit olmaqla, 32 hərf var.