Qədim tarix
Qədim tarixə malik olan Azərbaycan ərazisi ilk ibtidai insanların məskunlaşdığı ən qədim yerlərdən biridir. Təqribən 1,7-1,8 milyon il əvvəl Azərbaycan ərazisində məskunlaşan insanlara aid tarixi arxeoloji və paleontoloji materiallar, qədim mağaralar aşkar olunmuşdur. Bunlara aid Azıx mağarası, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarını misal çəkmək olar. Azərbaycanın orta daş dövrünə (Mezolit) aid abidələri sırasında ən əhəmiyyətlisi Bakıdan 56 km kənarda yerləşən Qobustan tarixi arxeoloji kompleksidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.
Tarixi köklərə malik olan Azərbaycan xalqı qədim Azərbaycan ərazisində dəyərli bir mədəniyyət, eyni zamanda qüdrətli dövlətçilik ənənələri qurmuşdur.
Azərbaycan ərazisi dedikdə, əsasən hazırda Azərbaycan Respublikasının, Ermənistan Respublikasının ərazisi, eləcə də İran İslam Respublikasının Şimal-qərb hissəsi nəzərdə tutulur. Çünki bu ərazilərdə tarixən Azərbaycanlılar yaşamış və mərkəzləşmiş dövlət quraraq, mövcud olmuşlar. Lakin sonradan dünyada baş verən siyasi oyunlar, işğalçılıq siyasəti hesabına, digər etnosların köçürülməsi hesabına bu ərazi kiçilmiş və müasir dövrdə rəsmi olaraq Azərbaycan Respublikası kimi varlığını saxlayır.
Azərbaycan ərazisində ilk dövlət qurumları e.ə. 3 minillikdə yaranmağa başlamış, ancaq ilk mərkəzləşmiş dövlət – Manna dövləti e.ə. IX əsrdə yaranmışdır. Makedoniyalı İsgəndərin Şərqə yürüşü zamanı Azərbaycanın cənub və qismən şimal ərazisi sərkərdə Atropatın tabeliyinə verilir. Makedoniyalı İsgəndərin ölümündən sonra Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur. Sonradan bu ad Adrobaqena, Adirbiqan, Azirbiqan və nəhayət Azərbaycan şəklini almışdır.
Bizim eranın 20-ci illərində sonuncu hökmdarın ölümündən sonra Atropatena Parfiya dövlətinin tərkibinə qatılır.
Azərbaycanın şimal torpaqlarında isə e.ə. III əsrdə müstəqil Albaniya dövləti yaranır. Bu dövlətin ərazisinə indiki Azərbaycan Respublikasının ərazisi, Dağıstanın cənub rayonları, Gürcüstanın şərq hissələri daxil idi. Roma imperatoru Domisianın hakimiyyəti illərində (81-96), Romanın kiçik hərbi dəstəsi Azərbaycan ərazisinə kəşfiyyata da gəlmişlər. Onların gəlişini qədim tarixi abidələrdən olan Qobustan qayalarında yazılmış kitabə də sübut edir. Bu abidə hal-hazırda turistlərin tez-tez səfər etdikləri abidələr sırasına daxildir.