Orta əsrlər tarixi
Orta əsrlər tarixi
III-XVIII əsrləri əhatə edən dövr Azərbaycanın orta əsrlər tarixini təşkil edir. Bu dövrdə Azərbaycanın dini, mədəni həyatında, dövlətçilik təcrübəsində mühüm dəyişikliklər baş vermişdir. Türk dili mühüm ünsiyyət vasitəsinə çevrilmiş, sayca az olan etnoslar da bu dildən öz aralarında ünsiyyət vasitəsi kimi istifadə etməyə başlamışlar. Türklərin bir qismi Tanrıya – Allaha inansa da, əksəriyyəti atəşpərəstliyə etiqad etmişdir.
Azərbaycanda müəyyən dövrlərdə qismən Sasanilər dövlətinə tabe olan, ancaq öz müstəqil siyasətini də yürüdən Albaniya dövləti VII əsrədək mövcud olmuşdur. Ölkənin mühüm obyektlərini düşmənlərdən qorumaq üçün Albaniyada Alazan çayı sahilində Torpaqqala, Ağdamda Govurqala, İsmayıllı rayonunda Cavanşir qalaları inşa edilmişdir. Azərbaycanın cənub torpaqlarında, hazırkı İran İslam Respublikasının şimalı isə tamamilə Sasanilər dövlətinin tərkibinə daxil olmuşdur.
Bu dövrdə Azərbaycan ərazisində atəşpərəstlik dini mövcud olsa da, artıq IV əsrdən başlayaraq xristianlıq yayılmağa başlamışdır. O dövrün abidələri sırasında Bakıdakı Atəşgahı misal çəkmək olar. Atəşgah sözü atəşə inanan insanların yeri mənasını ifadə edir.
Azərbaycan türk xalqının müasir Azərbaycan ərazilərində bir xalq kimi formalaşmağa başlaması məhz bu dövrləri əhatə edir. Xalqımız türklərin oğuz qrupunun əsasında formalaşmağa başlamışdır.
VII əsrin I yarısında, Ərəb fütuhatlarının başlaması ilə Azərbaycan ərazisi də Ərəb Xilafətinin tərkibinə daxil oldu. Albaniya dövləti süqut etdi. Xalqımız İslam dinin qəbul etdi. 861-ci ildə Şirvanşahlar dövləti yarandı və 1538-ci ilədək Azərbaycanın, Yaxın və Orta Şərqin həyatında mühüm rol oynadı. Teymurilərin Qərb torpaqlarına və Osmanlı dövlətinə yürüşü zamanı Şirvanşahlar dövləti onunla müttəfiq olmuşdur. Həmçinin XI əsrin II yarısında Azərbaycan ərazisi Səlcuqilər dövlətinin təsiri altına düşmüş, Səlcuqilər dövlətinin zəifləməsindən sonra Azərbaycanın qərb və cənub ərazilərində Azərbaycan Atabəyləri dövləti yaranmışdır. Bu dövlətin paytaxtı müxtəlif dövrlərdə Gəncə, Təbriz və Naxçıvan olmuşdur. Ərazisi müasir İraq Respublikasının şimal torpaqlarına çatırdı.
Səlcuqilərin Azərbaycan ərazisinə gəlişi ilə müasir Azərbaycan xalqının formalaşma prosesi başa çatmışdır.
Bu dövrün tarixi abidələri sırasında Bakıdakı Şirvanşahlar saray kompleksi, Qız qalasını, Mərdəkan qalalarını, Xudafərin körpüsünü və s misal çəkmək olar.
Azərbaycan tarixinin 1501-ci ildən sonrakı dövrü Azərbaycan Səfəvilər dövlətinin yaranması, inkişafı və tənəzzülü ilə sıx bağlıdır. Məhz müasir Azərbaycan Respublikasının ərazisinin formalaşmasında Səfəvilər dövlətini xüsusi rola malikdir. Səfəvilər dövlətinin nəzarət etdiyi ərazi Şərqdə Əfqanıstan sərhədlərinə, Qərbdə Türkiyə, cənubda İran Körfəzinə, Şimalda Qafqaz dağlarınadək uzanırdı. Azərbaycan dili Səfəvilərin dövlət dili idi.