Azərbaycana səfər etmək üçün 10 səbəb

  1.  Sabitlik və əminəmanlıq

Dünyada gedən prosesləri izləyən şəxslər istər hərbi, istərsə də iqtisadi cəhətdən güclü olan ölkələrdə baş verən qeyri-sabitliyi, terror hadisələrini, partlayışları nəzərdən qaçırmırlar. Bu baxımdan Azərbaycan öz sabitliyi, əminəmanlığı ilə öyünə bilər. Dünyanın ən sabit, terror hadisələrindən uzaq olan ölkələri sırasında ön yerlərdən birini tutan Azərbaycan, ölkəmizə gələn turistlər üçün təhlükəsiz istirahət təmin edir. Həm terror hadisələrinin olmamasına görə, həm də daxildə cinayətlərin minimum sayına görə Azərbaycana səfər etməklə, istirahətinizdən məmnun qala bilərsiniz.

 


    2. YUNESKO-nun Ümumdünya irsi siyahısında daxil edilən abidələr

Qobustan. Bakı şəhərindən 56 km məsafədə yerləşən Qobustan abidəsi orta daş dövrü insanlarının yaşayış məskəni olmuş, ərazidə 750 qaya üzərində 6000-dən çox insan və heyvan rəsmlərinə və digər yazılara rast gəlinmişdir. Qobustanda 20 qayaaltı sığınacaq aşkar olunmuşdur. Ərazisi 537 hektar oluna abidə ilk insanların həyatı və yaşayışı, eləcə də dini inancı barədə bizlərə nadir sübutlar təqdim edir.

 

 


İçəri şəhər. Özünüzü orta əsrlərdə hiss etmək istəyirsinizsə, mütləq İçəri Şəhərə səfər edin. İçəri şəhər Bakının ən qədim hissəsi olub, 221 kv km əraziyə malikdir və burada 1300-dən çox ailə yaşayır. İçəri şəhər qala divarları ilə əhatə olub, daxilində XII əsrə aid Qız qalası və XIII-XVI əsrlərə aid Şirvanşahlar sarayı mövcuddur. Bundan başqa, İçəri Şəhərdə çoxlu sayda nadir qədim abidələr, o cümlədən məscidlər, karvansaray, minarələr, hamam qalıqları və s. vardır. Bu ərazidə turistlər üçün suvenirlər, milli paltarlar, papaqlar və s. satılır.

 

 

 


    3. Dünyanın ən böyük gölü – Xəzər dənizi

Azərbaycan Respublikasının şərqi, o cümlədən Bakı şəhəri dünyanın ən böyük gölü, sahəsi 371 min kv. km. olan Xəzər dənizinin sahilində yerləşir. Xəzər dənizində gəmi gəzintisi, qayıq və yaxta ilə gəzintilər, yay mövsümündə Abşeron çimərliklərində istirahət sizin ruhunuzu oxşayacaq və mavi dənizin ecazkar görünüşü yaddaşınızda dərin izlər buraxacaqdır.

 


    4. Bakı bulvarı

Dünyada dəniz, göl və çay sahilində yerləşən sahil parkları çoxdur, ancaq əminliklə deyə bilərik ki, Bakı bulvarının tayı bərabəri yoxdur. 1909-cu ildə salınmış bulvarın ümumi uzunluğu hazırda 10 km-dən çox olub, müxtəlif attraksionlar, otellər, kafe və restoranlar, alış-veriş mərkəzləri, dəniz gəzintisi, süni çayda qayıqla gəzinti, velosipedlə gəzinti və digər maraqlı yerlərlə zəngindir. Dünyanın ən uzun bayraqlarından biri Bakı bulvarında yerləşən Bayraq meydanındadır. Məhz Bakı bulvarını görmək üçün Azərbaycana səfər etməyə dəyər.


    5. Yay və qış turizmi

İstər yayda, istərsə də qışda səfər edin, heç bir fərq etməz. Azərbaycan hər iki halda səfərinizin mənalı və maraqlı keçməsi üçün bütün imkanlara malikdir. Yay mövsümündə çimərliklər, piyada gəzintiləri, atla və faytonla gəzintilər, qışda isə buz meydançaları, qarlı havada gəzinti, qartopu oyunları, xizək sürmə kimi maraqlı hadisələr yolunuzu gözləyir. Bütün mövsümlər üçün açıq olan dəniz gəzintisi, kanat gəzintisi həyatınızın ən unudulmaz hadisəsinə çevriləcəkdir.


 

 

 

 

 

 


    6. Təkrarolunmaz milli mətbəx

Şərqin ən gözəl, ən dadlı xörəklərini Azərbaycan mətbəxində tapa bilərsiniz. Bu mətbəx ət, balıq, göyərti və xəmir xörəkləri ilə zəngin olub, müxtəlif yerli ədviyyatlarla zövqünüzü oxşayacaq. Öz orijinal və təkrarolunmaz mətbəxi ilə, Azərbaycan yolunuzu gözləyir.

Azərbaycanlılar, bütün müsəlmanlar kimi, donuz ətindən istifadə etmirlər. Ən çox yeyilən ət qoyun əti, mal əti, toyuq əti, balıq və digər quşlardan hazırlanmış xörəklərdir. Piti, bozbaş, yarpaq (tənək) dolması, kələm dolması, xaşın dadı damağınızdan getməyəcəkdir. Bundan başqa, içində göyərti və ya ət (qarın) olan qutablar, motal pendiri, nehrə yağı, müxtəlif şirniyyat növləri (şəhərbura, paxlava, kətə və s.) Azərbaycan milli mətbəxinin ayrılmaz hissəsini təşkil edir.


    7. Bakı gecələri

Hava limanından hava qaraldıqdan sonra çıxmısınızsa, qaldığınız yerə gedərkən gözəl Bakı gecələrinin əsrarəngiz görünüşündən qeyri-adi pozitiv enerji alacaqsınız. Bu gözəlliyi nə Paris, nə London, nə Dubay, nə də digər adlı-sanlı şəhərlərin gözəlliyi ilə müqayisə etmək olmaz. Bakı gecələrini seyr etmədən yaşamaq, həyatınızın ən maraqlı görüntülərindən məhrum olmaq deməkdir. Müasir arxitektura abidələrinin şəhərə saldığı işıqlar, nurlu prospekt və küçələr, Xəzər dənizinin ləpələri səhayətinizə rəng qatacaqdır.

 


    8. Balıq və heyvan ovu

Azərbaycan Respublikası ovçuluq üçün ən münasib ərazilərdən biridir. Qanunvericiliyə uyğun olaraq istər Xəzər dənizindən, istərsə də saysız-hesabsız göllərdən, çaylardan və vətəgələrdən balıq tuta, dağlarda, meşələrdə, səhralarda quş, ceyran, cüyür, maral, keçi, ayı və digər heyvanları ovlaya, onlardan bişirilmiş təamlardan dada bilərsiniz.

 

 


 

 

 

 

 

 


    9. Palçıq vulkanları

Palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutan Azərbaycan, vulkanların püskürməsini seyr etməyə gələn turistləri həmişə heyran edir. Belə ki, dünyada 800-dək palçıq vulkanının 350-si məhz Azərbaycanda yerləşir. Bəzən vulkanlar üzərində alovun hündürlüyü 1000 metrə çatır. NASA geoloqlarının fikrinə görə, Azərbaycandakı palçıq vulkanları quruluşuna görə Mars planetinin təpələrinə bənzəyir. Son 200 il ərzində Azərbaycanda 200-dək nəhəng püskürmə baş vermiş, onlardan 23-ü milli park statusunu almış və dövlətin mühafizəsi altındadır. Azərbaycanda 2004-cü ildə püskürən palçıq vulkanı dünyanın ən iri palçıq vulkanı kimi Ginnesin rekortlar kitabına düşmüşdür.


     10. Sıx meşələr, uca dağlar, müalicəvi neft (Naftalan) və sular

Bakı şəhərinin gözəlliyi, düzənlik ərazidə yerləşməsi ilə bərabər, Azərbaycan torpağı sıx meşələrlə, dağlar, göz oxşayan göllər və çaylarla da zəngindir. Meşələr əsasən Azərbaycanın şimal, qərb və cənub zonalarındadır. Qafqaz sıra dağlarının bir hissəsi də Azərbaycana gəlib çıxır, buna görə də, dağlarla zənginliyi əcnəbi turistləri cəlb edir. Dağlar üzərində hərəkət edən kanatlar, eləcə də qış turizmi üçün açıq elan olunan dağ-xizək kompleksləri turistləri cəlb edən əsas vasitələrdən biridir. Turistlərin daha çox səfər etdikləri təbii müalicəvi palçıq və neftdən ibarət Naftalan ərazisində tibbi-sağlamlıq kompleksi inşa edilmiş, hər il minlərlə şəxs burada müxtəlif xəstəliklərdən xilas olurlar.