Azərbaycanın tarixi Müasir tarix Müasir tarix Azərbaycanın müasir tarixi XVIII əsrin sonundan başlayaraq bu günümüzədək olan dövrü əhatə edir. Bu dövrdə Azərbaycanlıların yaşadığı şimal və cənub torpaqlarında müstəqil xanlıqlar yaranmışdı. Sonradan Azərbaycanın cənub xanlıqları türk-azəri Qacarlar sülaləsinin yaratdığı dövlətin hakimiyyəti altında birləşir. Çar Rusiyasının güclənməsi ilə Qacarlar və Rusiya arasında qanlı müharibələr başlayır. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın şimal torpaqları, yəni indiki Azərbaycan Respublikasının ərazisinin Çar Rusiyası tərəfindən işğalı rəsmiləşdirilir. Cənubi Azərbaycan torpaqları isə Qacarlar dövlətinin əlində qalır və sonradan müasir İranın ərazisinə daxil olur. 1917-ci ildə Çar Rusiyasında baş verən fevral burjua inqilabı və oktyabr bolşevik inqilabının nəticəsində müasir Azərbaycan Respublikasının müstəqil dövlət elan olunması üçün tarixi imkan meydana çıxırz və 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranır. Bu respublika İslam Şərqində ilk müstəqil respublika idi. Azərbaycan Demokratik Respublikasının dövlət dili Azərbaycan-türk dili, paytaxtı isə əvvəlcə Gəncə, daha sonra isə Bakı şəhəri olmuşdur. Orta əsrlər tarixi Orta əsrlər tarixi III-XVIII əsrləri əhatə edən dövr Azərbaycanın orta əsrlər tarixini təşkil edir. Bu dövrdə Azərbaycanın dini, mədəni həyatında, dövlətçilik təcrübəsində mühüm dəyişikliklər baş vermişdir. Türk dili mühüm ünsiyyət vasitəsinə çevrilmiş, sayca az olan etnoslar da bu dildən öz aralarında ünsiyyət vasitəsi kimi istifadə etməyə başlamışlar. Türklərin bir qismi Tanrıya – Allaha inansa da, əksəriyyəti atəşpərəstliyə etiqad etmişdir. Azərbaycanda müəyyən dövrlərdə qismən Sasanilər dövlətinə tabe olan, ancaq öz müstəqil siyasətini də yürüdən Albaniya dövləti VII əsrədək mövcud olmuşdur. Ölkənin mühüm obyektlərini düşmənlərdən qorumaq üçün Albaniyada Alazan çayı sahilində Torpaqqala, Ağdamda Govurqala, İsmayıllı rayonunda Cavanşir qalaları inşa edilmişdir. Azərbaycanın cənub torpaqlarında, hazırkı İran İslam Respublikasının şimalı isə tamamilə Sasanilər dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdə Azərbaycan ərazisində atəşpərəstlik dini mövcud olsa da, artıq IV əsrdən başlayaraq xristianlıq yayılmağa başlamışdır. O dövrün abidələri sırasında Bakıdakı Atəşgahı misal çəkmək olar. Atəşgah sözü atəşə inanan insanların yeri mənasını ifadə edir. Azərbaycan türk xalqının müasir Azərbaycan ərazilərində bir xalq kimi formalaşmağa başlaması məhz bu dövrləri əhatə edir. Qədim tarix Qədim tarix Qədim tarixə malik olan Azərbaycan ərazisi ilk ibtidai insanların məskunlaşdığı ən qədim yerlərdən biridir. Təqribən 1,7-1,8 milyon il əvvəl Azərbaycan ərazisində məskunlaşan insanlara aid tarixi arxeoloji və paleontoloji materiallar, qədim mağaralar aşkar olunmuşdur. Bunlara aid Azıx mağarası, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarını misal çəkmək olar. Azərbaycanın orta daş dövrünə (Mezolit) aid abidələri sırasında ən əhəmiyyətlisi Bakıdan 56 km kənarda yerləşən Qobustan tarixi arxeoloji kompleksidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir. Qədim tarix köklərə malik olan Azərbaycan xalqı qədim Azərbaycan ərazisində dəyərli bir mədəniyyət, eyni zamanda qüdrətli dövlətçilik ənənələri qurmuşdur. Azərbaycan ərazisi dedikdə, əsasən hazırda Azərbaycan Respublikasının, Ermənistan Respublikasının ərazisi, eləcə də İran İslam Respublikasının Şimal-qərb hissəsi nəzərdə tutulur. Çünki bu ərazilərdə tarixən Azərbaycanlılar yaşamış və mərkəzləşmiş dövlət quraraq, mövcud olmuşlar. Lakin sonradan dünyada baş verən siyasi oyunlar, işğalçılıq siyasəti hesabına, digər etnosların köçürülməsi hesabına bu ərazi kiçilmiş və müasir dövrdə rəsmi olaraq Azərbaycan Respublikası kimi varlığını saxlayır. Azərbaycanın tarixi